Stalin repressiyalarında bir şairin yoldaşı: Şükriyyə
Bir gülsən dərmişəm gənclik bağından,
Bir gülü çiçəyi dərmərəm sənsiz.
Kam aldim ömrümün oğlan çağında*,
Bir bağa bağçaya girmərəm sənsiz.
Şükriyyə taleyim, şükür xudaya
Gördüyüm doğrumu, yoxsa bir röya
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərə sənsiz
Səninlə gəzərəm eldən elə mən
Bataram, çıxaram seldən selə mən
Düşərəm ağıza dildən dilə mən
Yaşaya bilmərəm, bilmərəm sənsiz!
1993-cü il, Şəmkir rayonu. Jurnalist çox yaşlı bir qadından müsahibə alır. Qadının dərin qırışlarında zamanın izləri yer alıb. Gözlərində kədər, iztirab görünür. Onun üçün danışmaq çətin, xatırlamaq ağırdır … Keçmiş günlərin əməllərini yaddaşında dirildərək göz yaşlarını saxlaya bilmir, titrək səslə: “Mən nə pislik etmişdim axı?” sualını verir. Sanki cavab gözləyir. Ancaq bu suala cavab yoxdur. Heç zaman da olmayacaq.
Bu qadın 1937-ci ildə repressiyaya məruz qalan Azərbaycan şairi, yazıçı, tərcüməçi, jurnalist, Azərbaycan Himninin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım Axundzadədir. Bu qadının taleyi çox acı oldu. Nağıla bənzər sevgi hekayəsi dəhşətə çevrildi.
Əhməd Cavad Batumidə xeyriyyə işləri ilə məşğul olan acar knyazı Süleyman Bejanidze ilə tanış olur. O vaxt Şükriyyə xanımın 16 yaşı var idi, gimnaziyada oxuyurmuş. Cavadın kirələdiyi ev harada olsa yaxşıdır: Süleyman bəyin evi ilə üzbəüz. Sən demə, Cavad əfəndi qəsdən orda ev tutub ki, Şükriyyəni görsün. Özü elçi düşməyə utansa da, dostu Əli Səbri Qasımovdan xahiş edir ki, istəyini Süleyman bəyə çatdırsın.
Süleyman bəy sərt, ötkəm adam idi. Elçinin istəyini dərhal rədd edir. “Qızımı gözümdən uzaq qoymaq istəmirəm”. Son sözü də “Mən qızılbaşa qız vermərəm olur”. Elçi də “verməzsən qaçırdarıq” deyir.
Şükriyyə xanım bunu belə xatırlayır: “Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, Cavad yanımda peyda oldu. Heç bilmirəm haradan çıxdı. Mənə yaxınlaşdı. Birdən dedi ki, Səni aparsam, mənimlə gedərsən? Diksindim, sonra başa düşdüm ki, başqa yolum yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saat idi durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı idi. Sözləşdik ki, piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxaq. Belə də elədik.Faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi ki, doğma şəhərimi bir də heç vaxt görməyəcəyəm. Cavad mənim ağlamağıma dözmədi. O da ağladı.
Toyları Gəncədə oldu. Onlar Cavadın ata yurduna – Seyfəli kəndinə gəlmişdilər. Burada Cavadın 5 hektardan artıq ata torpağı vardı.
Xatirələrindən:
“Cavadın evinə qədəm basdığım günü, ara sakitləşəndə, qohumlar, dostlar çıxıb gedəndən sonra Cavad mənə dedi ki, “Bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, onlara mənə etdiyin hörmətlə, nəzakətlə yanaş. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. İllər keçdi, mən və Cavad həbs olunandan sonra həmin adamlar onlarca uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar. Onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz!”
Onların 5 övladları olur: Niyazi, Aydın, Tukay, Yılmaz və qızları Almaz. Şükriyyənin bircə nisgili vardı: atası onlardan üz çevirmiş, xeyir-duasını verməmişdi. Bu nisgilin ömrü uzun oldu – 20 il. 1936-cı ildə Süleyman bəyin ürəyi dözmür və o, Gəncəyə gəlir: qızını görür, nəvələrini bağrına basır. Beləcə barışıq baş tutur.
1937-ci il… Qorxulu, dəhşətli, minlərlərə günahsızların həyatına son qoyan il…
Bir vaxtlar Əhməd Cavad Quba qəzasında Mir Cəfər Bağırovla müəllim yoldaşı olsa da, sonralar araları dəyir. Cavad 1923-cü ildə ilk dəfə həbs olunanda Bağırov əsassız ittihamlarla ona hücum edir. Məhz Bağırovun göstərişi ilə o, həbsxanada döyülür.1937-ci il mart ayının 21-də keçirilən iclasda mühakimə və ittihamlardan sonra Əhməd Cavad Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxarılır. Bir az sonra əks-inqilabi milləyətçilik fəaliyyətində ittiham olunur.
İçərişəhər. 6-cı Böyük qala döngəsi, 12 nömrəli ev. Qapı döyülür. Üç nəfər qarapaltarlı adam evə girir və Şükriyyə xanımı özləri ilə aparırlar. Müstəntiq öz otağında onu sorğu-suala tutur:
– Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni sürgün gözləyir.
– Necə yəni Cavaddan boşanmalı?
– Tapşırıq belədir. Yoldaş Bağırov sizi qorumaq istəyir.
– Mən Cavadı heç kimə dəyişmərəm.
– Şükriyyə xanım, sizin övladlarınız var…
– Amma Cavada görə yurdumu, doğmalarımı atıb gəlmişəm.
– Şükriyyə xanım, bircə imza atmalısınız, vəssalam.
– Atmayacam. Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim ondan imtina etməyim güllədən betər olar.
1937-ci ilin 12 oktyabr tarixində Əhməd Cavad güllələnir.
.
9 dekabr 1937-ci ildə qeyri-məhkəmə orqanı olan qurum Axundzadə Şükriyəni 8 il müddətinə məcburi əmək düşərgəsində həbs etmək qərarına gəlir. 23 dekabr 1937-ci ildə o, Akmolinskə göndərilir. Qarşıda onu ümidsizlik və əzabla dolu uzun, ağrılı illər gözləyir.
Qazaxstana üz tutan qatarın məhkumlarla dolu vaqonunda Şükriyyə köhnə tanışına – bolşevik Ceyran Bayramovaya rast gəlir.
Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı: özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Niyə, niyə, niyə?
Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir.
– Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur. Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.
Ceyran quruyub qalır:
– Mən acam, başa düşürsən, acam! Sən ac deyilsən? Necə dözürsən? Altı gündür…
Şükriyyə yaxasında gizlətdiyi kiçik sancağı çıxarır:
– Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır.
“O dəhşətli düşərgədə ömrün səkkiz ilini xərclədi Şükriyyə.
1945-ci ilin iyul ayında onun azadlığa buraxılması haqqında əmr verilir. Ancaq Bakıda yaşamağına icazə yox idi. Vətənə dönəndən sonra o, şəhərbəhər düşüb balalarını başına yığır, Səmkirin Seyfəllisində – Əhməd Cavadın ata yurdunda son gününədək yaşayır.
1955-ci ilin dekabrında SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qanunsuz qərarını ləğv edir və işə xitam verilir. Beləliklə, Şükriyyə xanım və onun yoldaşı Əhməd Cavad bəraət alırlar.
Bundan sonra Əhməd Cavadın kitabları nəşr olunmağa başladı. 1958-ci ildə şeirlər toplusu, 1961-ci ildə “Qarqantüa və Pantaqrüel” romanının tərcüməsi, 1962-ci ildə “Otello” və “Romeo və Cülyetta” nəşr olundu.
Beləliklə Əhməd Cavadın irsi xalqına qayıtdı. O, yeni nəsillərin milli dirçəlişə oyanmasının simvolu oldu.



