Sibirdən məktublar: Hüseyn Cavidin son günləri və sarsılmaz Müşginaz
Mişkinaz və Cavid qonşu idilər. İki qonşu evin arasında Bazar çayı axırdı. Cavid uşaqlıqdan boş vaxtlarını çayın kənarında keçirər, isti havalarda çayda çimərdi. İllər ötsə də, çaykənarı gəzintiləri davam edirdi. Mişkinaz da hərdən pəncərədən Cavidi çay sahilində gəzişən görərdi.
Mişkinaz Cavidin bacısı qızları Rübabə və Səltənətlə yaxın rəfiqə idi, tez-tez bir birinin evlərinə gedərdilər. Qızların anası Ümmi Səlimə xanım Mişkinazı Cavidə almaq istəyirdi. Bu onun arzusu idi. Hər dəfə də Cavidə deyəndə ki, gəl evlən, Cavid ona yarızarafat, yarıciddi cavab verirdi ki, “Heç evlənmək vaxtıdır? O qədər iş var ki…”
…1918-ci ildə Hüseyn Cavid Bakıdan Naxçıvana gəlir. Bu dəfə də Ümmi Səlimə özünü toplayıb: “Ay qardaş, gəlsənə səni evləndirim”, – deyir. Cavid gülür və cavab verir:
– Ay bacı! Bu hansı zəmanədir ki, məni evləndirəsən. Mən yazılarımda azad məhəbbətdən dəm vururam, sən isə… Bir de görüm, mənə almaq istədiyin qız kimdir. Nə bilirsən o mənim xoşuma gələcək, ya yox. Lap ola bilər ki, mən bəyəndim.Bəlkə o qız məni heç bəyənmədi. Dedi, mən ona ərə getmirəm. Onda sən nə edərsən?
– Sən razı ol, onun razılığı mənim boynuma.
Nəhayət, Cavid evlənməyə bir şərtlə razı olur.
– Qızı görüm, sonra!
O zaman Naxçıvan kimi şəhərdə qız görmək çox çətin idi. Ümmi Səlimə xanım Mişkinazı Cavidə göstərməyi qərara alır. Bir neçə gündən sonra qızı evlərinə qonaq çağırırlar. Evlərində iki böyük sandıq var idi. Sandığın üstünə yorğan-döşək yığılmışdı. Mişkinazı sandıqla üzbəüz oturdurlar. Cavid əvvəldən gəlib yükün arxasında oturur ki, qızı görsün. Bu ilk “görüş” o qədər də uğurlu olmur. Mişkinaz oturduğu yerin arxa tərəfindən işıq düşdüyü üçün Cavid onu yaxşı görmür. Buna görə, təkrar “görüş” təyin edirlər.
Nəhayət Cavid Mişkinazı görür və bundan sonra evlənmək üçün razılığını verir. Onun razılığı ailəni çox sevindirir.
Cavid və Mişkinaz 1918-ci ilin avqust ayında evlənirlər. Çox kiçik, xudmani toy məclisləri olur. Toydan bir-iki gün sonra Cavid Mişkinaza deyir ki, mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mişkinaz fikrə gedir. Gənc xanım Cavidin bu istəyini heç cürə yerinə yetirə bilməzdi, çünki savadı yox idi.
Cavid ona dərs deməyə başlayır. Onlar hər gün dərs keçir, Mişkinaz əvvəlcə əlifbanı, sonra isə daha mürəkkəb şeyləri öyrənir. Beləliklə, qadını ən böyük arzusuna məhz həyat yoldaşı Cavid çatdırır.
Hüseyn Cavid həmin illər Naxçıvanda dərs deyirdi. Bir neçə aydan sonra onu maarif idarəsindən Bakıya dəvət edirlər və məktəblərin birində dərs verirlər. Bakıya gedəndən bir az sonra o, böyük qardaşına məktub yazır ki, Mişkinazı münasib adamla Bakıya göndərsin. Mişkinaz Cavidin kiçik qardaşı Əlirza və onun ailəsi ilə bir yerdə Bakıya gəlir.
Cavid Tatar küçəsində ikimərtəbəli binada kiçik bir otaq kirayə tutur. Evdə heç bir şey olmasa da, bu ailənin kefini pozmurdu. 1919-cu ildə oğlanları Ərtoğrul, 1923-cü ildə isə qızları Turan dünyaya gəlir. Sonralar Cavid Darülmüəllimində, Darülmüəllimatda, seminariyada dərs deməyə başlayır. Dolanışıqları yavaş-yavaş qaydasına düşür. 1925-ci ildə bu məktəbləri birləşdirirlər və qızlar və oğlanlar bir yerdə seminariyada təhsil almağa başlayır.
Çətinliklərə baxmayaraq Mişkinaz özünü xoşbəxt hiss edirdi. Cavid çox mülayim, xoşrəftar, diqqətli həyat yoldaşı və qayğıkeş ata idi. Uşaqların tərbiyəsiylə Mişkinaz xanımla birlikdə məşğul olar, onların dərsləriylə maraqlanar, onlarda yaxşı keyfiyyətlərin inkişafına çalışardı.
Ərtoğrulun məktəbdəki müvəffəqiyyətləri xüsusi qeyd olunardı. O, sinifdən sinfə keçəndə atası böyük tort alıb uşaqları qonaq çağırardı. Mişkinaz xanım da stola özü bişirdiyi şirniyyatları düzərdi.
Mişkinaz da həyat yoldaşına qarşı çox diqqətli idi. Cavidi əsəbi, gərgin görüb heç vaxt onu narahat etməzdi. Cavidin qonaqlarını həmişə gülər üzlə qarşılayar, onlar üçün ləzzətli Naxçıvan plovu hazırlayar, pürrəngi çay dəmləyərdi. Cavid tez-tez Mişkinazla yaratdığı obrazları, insan xarakterlərini müzakirə edər, Mişkinaz üçün bədii əsərlər seçər, hərdən onları oxutdurub maraqla dinləyərdi. Mişkinaz isə Cavidin əsərlərinin üzünü köçürdürdü.
Ailə yay aylarını Abşeron bağlarında keçirməyi sevirdi. Həmçinin 1928-1934-cü illərdə onlar Borjoma, Yesentukiyə, Vladiqafqaza səyahət edirlər.
Həyat öz axarı ilə gedirdi. Ta 1937-ci ilin 4 iyun gecəsinə qədər… 1937-ci il iyun ayının 3-də Mərkəzi Komitə katibi Mircəfər Bağırov qurultayda çıxış edərək “xalq düşməni” aldandırdığı bir çox Azərbaycan ziyalısını, eləcə də Hüseyn Cavidi kəskin tənqid etdi. Elə həmin günün gecəsi saat 4-də hamının NKVD kimi tanıdığı Xalq Daxili İşlər Komissarlığının qara maşını Cavidi evindən, isti ocağından yazı masasından, şeirlərindən, ədəbiyyatdan və həyatdan ayırmağa gəlmişdi”.
Həmin gün Cavid çox sevincli, fərəhli idi. Kinostudiyada “Koroğlu” ssenarisinin müqaviləsinə imza atmışdı. Ayın 5-də 5 min, qalanını isə film çəkilib qurtardıqdan sonra alacaqdı. Arzusu o pula Mişkinaza brilyant sırğa almaq idi.
Mişkinaz o dəhşətli gecəni belə xatırlayırdı:
Cavid axşam saat 8-də yuxudan durdu, işləməyə başladı, uşaqlar yatmışdı. Mən saat 11-də keçdim yataq otağına. Bir qədər sonra qapını açıb qəhvə istədiyini dedi. Yatağa girdiyimi görüb: “Özüm bişirərəm, sən yat” dedi”.
Cavid qəhvəni bişirə bilmədi. Mişkinaz xanım ömrünün sonuna kimi bunun nisgilini çəkdi və o gündən sonra bir daha qəhvə içmədi. Cavid isə o gecə son dəfə evdən çıxdı. Əvvəl həbsxanada qaldı, iki ildən sonra isə Sibirə sürgünə göndərildi. Cavidin gedişindən az sonra ailəsini də evdən çıxarıb, Sovetskidə qapı-pəncərəsi olmayan, bir neçə ailənin yaşadığı bir evə yerləşdirdilər. O ağır illərdə ailənin dolanışığı Mişkinaz xanımın üzərinə düşür. Onun gözəl əl qabiliyyəti var idi. 1938-ci ildə o, “Klara Setkin” adına Sənaye Kooperativ şirkətinə işə düzəlir. 10 ilə yaxın orada çalışır. Həm dolanışıq, həm də həbsxanada olan Cavidə azuqə aparmaq üçün Mişkinaz xanım evdə nəyi vardısa, bir ucdan satırmış. Cavidin əldən düşmüş ayaqqabısını pinəçiyə vermişdi ki, onun gərəkli yerlərindən istifadə etsin. Bir gün həbsxanaya getməli, üstəlik, ayaqqabı da aparmalı imiş, amma yenisini almağa pul yox, köhnəsi də evdə deyil. Çarəsiz qalan Mişkinaz o ayaqqabıların dalınca pinəçiyə gedib: “Usta, o çəkmə qalıbsa, ver, o ölçüdə çəkmə alacam” deyir. Xoşbəxtlikdən həmin ayaqqabılar tapılır. Mişkinaz xanım onu götürüb, başqa pinəçinin yanına gedib, düzəltdirir”.
Sibirə sürgün olunan Cavid 1941-ci il dekabr ayının 5-də İrkutsk vilayətinin Şevçenko kəndinin əlillər xəstəxanasında keçindi. Yazırdılar ki, ölümünə səbəb ürək iflici və ayaqlarının donmasından yaranan sepsisdir. Amma bunu ailəsinə düz 7 il sonra deyirlər.
1942-ci ildə isə tələbə olmasına baxmayaraq, Ərtoğrul ordu sıralarına çağırılır, “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna, ağır tunel tikintilərinə göndərilir, bu onun səhhətinə çox pis təsir edir, vərəmə tutulur. Buna baxmayaraq onu evə buraxmırlar, yalnız Naxçıvana getməyə izn verirlər. Orda da 10-15 gün qalandan sonra Ərtoğrul vəfat edir. Nə anası, nə də bacısı ilə vidalaşa bilir.
1956-cı ildə Cavid bəraət alacaq, üzərindən “xalq düşməni” damğası götürüləcək, kitabları nəşr ediləcək, əsərləri səhnələşdiriləcək. Bir çox əsərləri şairlə birlikdə gedər-gəlməz olsa da, bəzilərini qoruyub saxlamaq mümkün olur. 4 iyun gecəsində evdə axtarış aparanların təsadüfən diqqətindən yayınan qaralamalar, siyirmədə qalan əlyazmalar xilas olur. “İblisin intiqamı” pyesinin isə Mişkinazın xətti ilə köçürülmüş surəti olmasaydı bu əsər də itəcəkdi.
1982-ci ildə isə Cavidin Sibirdəki məzarı tapılıb, cənazəsi Vətənə gətiriləcək, Naxçıvanda türbəsi ucalacaq, o, onillərlə həsrətini çəkdiyi Mişkinaza, Ərtoğrula əbədi qovuşacaq.
Cavid 1939-cu ildə Sibirdən yolladığı ilk məktubunda “Turandan muğayat olun” yazmışdı. Tale elə gətirdi ki, Cavidlərin hamısından muğayat olmaq yükünü bütün ömrü boyu öz çiyinlərində evin sonbeşiyi Turan Cavid daşıdı. O, Cavidin, qardaşı Ərtoğrolun əsərlərini, əzizləri ilə bağlı hər bir yadigarı göz bəbəyi kimi qorudu, bir yerə topladı…
Bu isə Cavidin son məktubudur. Bunun son olduğunu ailəsi 7 ildən sonra biləcək…
“Əziz Mişkinaz!
Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi hər ay teleqrafla 50, ya 60 manat göndərin. Bağlama lazım deyil. Amma hər yarım aydan bir mənə səhhətiniz haqqında yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın.
Yenə öpürəm sizi. H. Cavid 27 may, 1941”.



