Şahzadə Mehparə Qacar
Bu heyrətamiz qadın İranda şahlıq dövrünün, Romanovların Rusiyada çarlıq illərinin, 1917-ci il kommunist inqilabının, Birinci və İkinci Dünya Müharibələrinin canlı şahidi olmuş və bu dövrlərin hər biri onun həyat yolunda iz qoymuşdur.
Şahzadə Mehparə İranı birləşdirən və Tehranı yeni paytaxt elan edən Ağa Məhəmməd xanın qurduğu güclü bir sülalə olan Qacar xanədanından idi. Fars taxtının varisi Abbas Mirzənin oğlu Bəhmən Mirzə Mehparənin babası idi.
Atası Heydərqulu xan Sankt-Peterburqda hərbi təlim keçmiş, çar qvardiyasında xidmət edirdi. Heydərqulu Mirzənin beş övladı var idi: qızları Rəna, Rəhimə və Mehparə, oğlanları Abbas Mirzə və Əhməd Mirzə.
Şahzadənin uşaqlığı və gəncliyi Sankt-Peterburqda keçirdi. O, burada qızlar gimnaziyasını bitirmiş, olduqca müasir, mədəni, öz dövrünü qabaqlamış gənc bir xanım idi. Almanca, fransızca, rusca və farsca çox gözəl yazıb oxuyur, yaxşı piano çalırdı.
Zəngin tacir ailəsindən olan Məhəmməd Tağızadə Mehparə xanıma vurulur və onunla evlənmək istəyirmiş. Mehparənin anası şahzadə İzzət xanım Məhəmmədin var-dövlətinə baxmayaraq əslizadə olmadığı üçün bu istəyi rədd edir.
«Mənim qızım modern həyata alışmışdır və bu həyat tərzini davam etdirməlidir», – deyə o, elçilərə söyləyir.
Daha sonra Heydərqulu xan onu inadından döndərir, İzzət xanım da bəzi şərtlərin yerinə yetirilməsini istəyərək bu evliliyə razı olur. İzzət xanımın irəli sürdüyü şərtlər arasında Tiflisdə bir malikanə, Gürcüstanda meşə kənarında bağ evi, Qarabağda böyük bir malikanə tikilməsi kimi maddələr var idi. Məhəmməd irəli sürülən bütün bu şərtləri qəbul edərək yerinə yetirir və 1911-ci ildə Mehparə ilə evlənir.
Şahzadə Mehparə ailə qurduqdan sonra bir müddət Qarabağda qayınanasının yanında qalaraq Məhəmmədin bacı və qardaşlarının təhsilinə nəzarət edir. Sonra onlar Tiflisə köçür. 23 yanvar 1912-ci ildə onların ilk uşaqları Murad dünyaya gəlir. Muraddan sonra iki oğlan uşağı – Maqsud və Mansur Qarabağda dünyaya göz açır. Tağızadə ailəsinin ənənəsinə görə, ailədə doğulan bütün oğlanların adı M hərfi ilə başlayır, ailə monoqramı isə MT hərflərindən ibarət idi.
Mehparə və Məhəmməd Tiflisdə tez-tez teatr, opera tamaşalarına gedər, dostları ilə birlikdə Kafe Şantanda vaxt keçirərdilər. Uşaqlar alman bir mürəbbiyyə tərəfindən böyüdülürdü. Onların böyük oğlu Murad 5 yaşında olarkən Tiflisdəki alman litseyində oxumağa başlayır.
Lakin həyat sürətlə dəyişirdi. 1917-ci ildə Rusiyada kommunist inqilabı baş verdi və çarizm rejimi süquta uğradı.
1921-ci ildə kommunistlər Tiflisə yaxınlaşır. Tağızadə ailəsi Batuma gedib qayıqla Trabzona qaçır. Kommunist rejimi onların Azərbaycandakı və Gürcüstandakı bütün mal və mülklərini müsadirə edir.
Trabzonda təxminən 9 ay qaldıqdan sonra ortalıq sakitləşdiyi üçün ailə Tiflisə qayıdır.
Bir qədər sonra Məhəmməd və Mehparə Bakıya köçür. Məhəmməd İstanbul- Qafqaz-London arasında xalça, daş-qaş, manufaktura ticarəti ilə məşğul olmağa başlayır. Uşaqlar isə Tiflisdəki alman məktəbində təhsillərini davam etdirir.
1925-ci ilə qədər ailə İran pasportlarını daşıyırdı. Qacar xanədanı süquta uğradıqda və yerinə Pəhləvilər xanədan olanda onlar türk vətəndaşlığına keçir.
1929-cu ildə şahzadə Mehparə ailəsi ilə birlikdə Berlinə köçür və buradakı türk səfirlərinin sağ əlinə çevrilir. O, burada Türk-Azərbaycan diasporası arasında təşkilati işlərə rəhbərlik edən fəal bir ictimai xadim kimi tanınır. O, 1931-ci ildə Berlin Türk xanımlar klubunu qurur. Bundan başqa, şahzadə Berlin Elm və Sənət cəmiyyətinin, Şərq İslam cəmiyyətinin, Berlin İslam cəmiyyətinin fəxri sədri və üzvü idi. Şahzadə Mehparə Qırmızı Xaç təşkilatının üzvü olur və Qırmızı Xaçın “Ləyaqət” ordeni ilə təltif olunur.
Şahzadə Berlindəki bütün rəsmi dəvətlərdə iştirak edir və diplomatik bülletendə adı “Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi şəklində” qeyd olunur.
1936-cı ildə Murad və Maqsud şəxsiyyət vəsiqəsi almaq üçün İstanbula gəlirlər. Orada öyrənirlər ki, 1934-cü ildə qüvvəyə minən qanuna görə artıq fars mənşəli Tağızadə familiyasından istifadə edə bilməyəcəklər. Onlar pasportlarına Tağı soyadını yazdırmalı olurlar.
Mehparənin şəxsiyyət vəsiqəsində şahzadə titulu qeyd olunmur. Bununla bərabər, “atasının adı” qrafasında “Şahzadə Heydərqulu Mirzə” yazılır. Şahzadə Mehparənin Almaniyadakı bütün rəsmi sənədləri tac rəsmli Qacar xanədanı gerbini daşısada, o, bu hadisəyə xüsusi əhəmiyyət vermir və “Mənim və ailəmin kim olduğunu hamı yaxşı bilir, belə kiçik detallarla məşğul olmaq istəmirəm” – deyə söyləyir.
İkinci Dünya müharibəsi illərindən və müharibədən sonra Cümhuriyyət bayramı təntənələri şahzadə Mehparənin Berlindəki evində qeyd edilir.
Məhəmmədin maddi yardımları sayəsində təşkil edilən bu tədbirlərə yüksək vəzifəli alman diplomatları və generalları dəvət olunurdu. Dəvətlərdə Kəmaləddin sami Paşa və Husrev Gərədə kimi türk diplomatları, İran səfirliyinin nümayəndələri iştirak edirdi.
Pəhləvi xanədanının son baş nazirlərindən olan Əli Əmini Berlinə hər gəlişində keçirdiyi kokteyllərə hökmən şahzadə Mehparəni dəvət edər, onun fikirlərinə böyük əhəmiyyət verərdi.
Mehparə çox fədakar və mehriban insan idi. Ondan istənilən köməyi heç vaxt rədd etməz, mütləq yardım edərdi. Müxtəlif dinlərə mənsub insanları bayramlara dəvət edər, onların bayramlarında mütləq iştirak edərdi.
Bəs Mehparənin böyük bacılarının taleyi necə oldu? Şahzadə Rəna Türküstan xanının arvadı idi, övladları yox idi. Sahzadə Rəhimə isə Bədəlbəyli ailəsinə gəlin getmişdir. Onun 6 övladı olmuş, oğlanları Əfrasiyab və Şəmsi (Fərhad Bədəlbəylinin atası) ) isə bütün ölkədə tanınmışdır.
Şahzadə Mehparə 4 iyul 1989-cu il tarixində dərgahına qovuşmuş və vaxtilə qorunması üçün maddi yardım göstərdiyi Berlin Türk qəbirstanlığında dəfn edilmişdir. Onun vəfatı haqqında alman qəzetlərində bütün xidmətləri sadalandığı bir nekroloq çıxmış və orada o, həmçinin həyat yoldaşı, ana, qayınana və nənə kimi adlanırdırılmışdır.
Şahzadə Mehparə Berlindəki mənzili, qiymətli əşyaları və fotoalbomları da daxil olmaqla şəxsi əşyalarını dəyişməz saxlamağı vəsiyyət etdi. Ancaq ondan sonra qalan ən dəyərli şey şahzadənin nəcib adı və onunla bağlı parlaq xatirələr idi.