HerStory.az

Hüseyn Ərəblinskinin Sirr Dolu Həyatı

 “Qadın rolunu oynamaq üçün böyük kişilik gərəkdir.” 

Bığlarını kəsdiyinə görə onu daş-qalaq edirlər, səhnəyə qadın obrazında çıxdığına görə onun evinə atəş açırlar, onu ictimai yerlərdən qovurlar… O ac  qalır, rütubətli və soyuq daxmada vərəm xəstəliyi keçirir, ancaq həyatının işini atmır. Çünki sənətə xidməti seçmiş insan bu yoldan heç vaxt dönə bilməzdi. Azərbaycan teatrı tarixində ikinci bir adam yoxdur ki, həyatı, həmçinin ölümü də bu qədər sirlərlə dolu olsun. Bu və ya digər hadisələrin bilinən versiyaları bir-birini təkzib edir, dostlarının və kolleqalarının xatirələri isə fərqlənir. Ancaq bütün hər şey yalnız bir mövzuda eynilik təşkil edir: o, Azərbaycan Milli səhnəsinin qəflətən alovlanan və gözlənilmədən sönən ən parlaq ulduzu idi…

Xələfov soyadı ilə dünyaya gələn Hüseynbala Ərəblinski… Elə bu ləqəbin yaranma tarixi aktyorun həyatının kədərlə sonlanmasına açar ola bilər…

Azərbaycanda professional teatr sənətinin banisi, teatr tarixində ilk qastrolların iştirakçısı 1881-ci ildə kasıb dənizçi ailəsində dünyaya gəlmişdi. Atası bu hiyləgər fəlakətin – dənizin qurbanı olmuşdu. Anası varlı ailələrin evində xidmət edərək çörək pulu qazanmağa çalışırdı. Kontrastlarla zəngin bir həyat – mollaxanadan kasıb ailələlərin uşaqları üçün pulsuz təhsil verən rus-tatar məktəbinə, Cahangir Zeynalovun ev-teatrında kiçik rollar, Soltan Məcid Qənizadənin böyük teatr məktəbi. İlk ciddi rolunu 16 yaşında oynayır – Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında Kərim obrazı. 1905-ci ildə isə bəxti onun üzünə gülür. Uzun müddətdir arzuladığı Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesində Fəxrəddin obrazını oynamaq ona qismət olur. Mənbələrdən birinin məlumatına görə, baş rol ifaçısının qəflətən xəstələnməsindən sonra bu rol ona keçir. Bütün sözləri əzbər bilən Hüseyn isə rolu möhtəşəm ifa edir. 

Onun tanıyan insanların əksəriyyəti soyadının dəyişməsini Dərbənd qastrolu ilə əlaqələndirirlər. Məhz burada general Ərəblinskinin aktyor truppasını təntənəli qarşılamasından sonra o xahiş edir ki, afişalarda onun soyadını ləqəbi ilə dəyişsinlər. Burada da qadın əli vardır! O, aktyorun yaradıcılığına (ola bilər ki, tək yaradıcılığına deyil) vurulmuşdur, onun bütün tamaşalarını izləyir, güllər hədiyyə edir. Kolleqaları onunla bu barədə zarafatlar edirlər, ancaq aktyor ləqəbinin bütün şəhər tərəfindən həyatı izlənilən alicənab xanıma aidiyyatı olduğunu inkar edir və öz ərəb köklərinə istinad edir. Xoşbəxtlikdən qarabuğdayi siması və qıvrım saçları bu hekayəni təsdiqləyir, uydurma olsa da…

Bir dəfə ondan Balaxanı həvəskar dram sənətini sevənlər dərnəyinə komediya tamaşasına quruluş verməyə kömək etməsini xahiş edirlər. Rejissorluqda bu ilk təcrübə irəlidə onun yaradıcılığında böyük rol oynayır. Daha sonra onu  “Nicat” cəmiyyətinə baş rejissor kimi dəvət edirlər. Orada o, qapı-qapı düşüb tamaşaçı çağırmağa son qoyur, aktyorlara qonorar təyin edir.

Moskva, Tiflis və Bakı qəzetləri onun “Otello” tamaşasından yazırlar. Şekspirin “Quldurlar” tamaşası da uğurlu alınır. O, ilk dəfə Azərbaycan səhnəsində Haqverdiyevin eyniadlı faciəsində Ağa Məhəmməd şah Qacarın rolunu ifa edir. 

Yəqin, çox az adam bilir ki, Üzeyir Hacıbəylinin öz xahişi ilə “Leyli və Məcnun” operasının ilk quruluşçu rejissoru Ərəblinski olmuşdu. Tələbkar rejissor hər bir qəhrəmanın obrazı üzərində əzmlə çalışır, aktyorlar çoxlu məşq edirlər. O Leylinin olmamasına görə çox fikir edirdi, səhnəyə qadının çıxmasından isə söz belə gedə bilməzdi. Məhz buna görə Ərəblinski səhnədə tez-tez qadın obrazlarını özü oynayırdı, buna görə o, bığlarını da kəsmişdi. Amma Leyli hələ də yox idi.  Opera uğursuzluğa düçar olmaq üzrə idi. Amma Məcnun rolunun ifaçısı Hüseynqulu Sarabski çayxanaçı Əbdürrəhman Fərəcovu əsas qadın rolunu ifa etməyə razı salır. Tamaşaya biletlər premyeradan çox əvvəl satılıb qurtarmışdı. Teatra girmək istəyən insanlar dağılışmır, küçədə gözləyirdilər… Premyeradan sonra alqış səsləri sakitləşmək bilmirdi. O gecə Ərəblinski və Cahangir Zeynalov arasında belə bir söhbət keçir.

“Bu gün həyatımızın çox önəmli bir günüdür, – Zeynalov deyir. – Üzeyir bəy böyük bir iş gördü – atəş alovlandırdı, sən isə Hüseynbala, Əbdürrəhman Haqverdiyev və Hüseynqulu Sarabski ilə onu məşələ çevirdiniz. O məşəl ki, əvvəl-axır Şərqdə alovlanacaqdı və bunu biz etdik.” 

Tbilisiyə qastrollar (həmin dövrdə orada yaşayan Mirzə Fətəli Axundov öz evini məşqlər üçün təqdim etmişdi), Həştərxan, Kazan, Nijniy Novqorod… Qəzetlər yazırdılar ki, Ərəblinski öz sənəti ilə Rusiyanın müsəlman aktyorları arasında ən yüksək mövqeni fəth etmişdi və istənilən avropalı aktyora rəqib ola bilərdi. 

1916-cı ildə o, Boris Svetlovun rejissorluq etdiyi “Neft və milyonlar səltənəti” filmində əsas qəhrəman – Lütfəli bəy roluna çəkilir. Beləliklə, o, ilk azərbaycanlı kino-aktyor olur.

Ərəblinski Müslüm Maqomayevin “Şah İsmayıl” operasının 1919-cu il 7 martda baş tutacaq premyerasına iki gün qalmış öldürülür. Bu opera üzərində o, quruluşçu rejissor kimi çalışırdı (o, aktyorların, xorun və orkestrin sinxron səsləndirilməsinə nail olmuşdu). Hər şeyə soyuq bir mart gecəsində son qoyuldu. Bir atəş bir dəqiqədə bütün planları alt-üst etdi. 

Həyatında ilk dəfə o, məşqə gecikmişdi. 

“Ərəblinskini öldürdülər!” – teatrın divarları arxasında bu səs guruldayır. 

Onun qonaq getdiyi qohumunun evində güllələnməsi xəbəri rəsmi xəbərlə əvəz olunur – onu öz otağında öldürüblər. 

Ölümündə təqsirkar hesab edilərək dayışıoğlu Əbdülxaliqi həbs edirlər, ancaq bir müddət sonra o, azadlığa çıxır və Qazaxstana gedir. Cinayətin şahidi, onun yoldaşı Asya Şişkina başqa adamın adını çəkir – hansısa Zeynalov. Ancaq bu versiya da digərləri kimi dəlilsiz və sübutsuz qalır…

“O qadını tapın!” – şübhəlilər sırasında Bakının ən güclü və avtoritet adamlarından birinin adı çəkilir. 

Ərəblinskinin yaxın ətrafında olan adamlar tapmacanın hissələri kimi üst-üstə oturan, detektiv hekayəsini xatırladan qəribə epizodları xatırlayırlar: yalnız onun üçün oynasın deyə “Otello” tamaşasına bütün biletləri alan; Opera teatrının yaxınlığında naməlum şəxslər Hüseynə hücum edərkən təsadüfən yaxınlıqda karetada olan qadın… onunla daim görüş axtaran həmin coşqun pərəstişkar – general Ərəblinskinin qızı, Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona Ərəblinskaya. Yaşlı mesenatın onun cavan və gözəl xanımı haqqında gəzən şaiyələr heç xoşuna gəlmir. Onun bu cinayətdə əli varmı? O, günahkardırmı? Heç bir sübut yoxdur. Yalnız dostların kədərli nitqləri, İçərişəhərin divarları arxasında qadınların pıçıltıları, sonrasında isə Zeynalabdinin və Sonanın kədərli taleyi…

Sanki Hüseyn Ərəblinskinin vida mərasiminə bütün şəhər toplaşmışdı. Dənizlər qədər güllər və göz yaşları vardı. Onun ölümünə ürəkdən yanan yalnızca sənət adamları deyildi. Bu istedadlı şəxsin yaradıcılığı ilə bir dəfə də olsun qarşılaşmış hər bir kəs onu son mənzilə yola salmağı özünə borc bilirdi.



Related posts

BROWSE ALL
  • April 11, 2025

Azərbaycanın qızıl klassikləri: Elza İbrahimovanın musiqi dahisi

Azərbaycanda yaşından asılı olmayaraq elə bir insan yoxdur ki, onun repertuarından istənilən bir melodiyanı zümzümə etməsin. Onun mahnıları o qədər sevilirdi ki, hələ bəstəkarın sağlığında artıq bu əsərləri xalq mahnıları adlandırırdılar.
  • April 11, 2025

Жена Поэта в Сталинских Репрессиях: Шукрия

1993 год, Шамкирский район. Журналист берет интервью у очень пожилой женщины. Следы времени отпечатались в ее глубоких морщинах, а глаза полны страдания. Ей трудно говорить, больно вспоминать... Воскрешая в своей памяти дела давно минувших дней, она вопрошает сквозь слезы, дрожащим голосом: "Что я плохого сделала?" Но на этот вопрос нет…
  • April 11, 2025

Nigar Shikhlinskaya: Love, Loss, and Unyielding Determination

Nigar was born into the family of Mirza Huseyn Afandi Gayibov, a prominent religious figure and an exceptionally educated man. Devoted to science and enlightenment, Mirza Hussein firmly defended women’s right to education, often saying, "There is no such prohibition in the Shari'a." He ensured his two daughters received the…
  • April 11, 2025

İnqilabdan sağ çıxıb, Parisi tapmaq: Baninin hekayəsi

Gəlin hekayəmizə o illər Azərbaycan üçün adi sayılan hadisə ilə başlayaq - onların həyətində qara qızıl fontan vurmuşdu. Sərvət, xarici mürəbbiyələr və müəllimlər, ən gözəl libaslar və səyahətlər. Qəhrəmanımızın babası Şəmsi Əsədullayev "Allahın sevimlisi", “bəxtəvər bəndəsi” idi. 4 qızdan ən kiçiyi olan Ümm əl-Banu 1905-ci ildə dünyaya göz açır. Anası…
  • December 7, 2024

Letters from Siberia: Huseyn Javid’s Final Days and Resilient Mishkinaz

Mishkinaz and Javid lived in neighboring houses divided by the Bazarchay River. Javid spent much time by the river, and Mishkinaz often watched him from her window as he walked there in the mornings. Mishkinaz was close friends with Javid's nieces, Rubaba and Saltanat, who frequently visited one another. Their…
  • November 15, 2024

Dilbərnamə: Mikayıl Müşfiq və Dilbərin sevgi hekayəsi

Mikayıl Müşfiqin Dilbərlə olan sevgi hekayəsi romantika, dözüm və ədəbi irsə olan ehtiramla doludur. Siyasi təqiblərə və şəxsi itkilərə baxmayaraq, Dilbər Müşfiqin işlərini və xatirəsini qoruyub saxlayaraq onların güclü hekayəsi ilə nəsilləri təsirləndirdi.
BROWSE ALL

AUTHOR

HerStory.az

Empowering Women and Shaping Futures

Categories

Popular Posts

Tag Cloud

Visit

Cavasa blogging is a website for bloggers to share their experience. It is a platform to share their thoughts and experience freely.

#Gallery

#Contact Us