Dilbərnamə: Mikayıl Müşfiq və Dilbərin sevgi hekayəsi
Onların hekayəsi başdan ayağa təsadüflər düyünüdür. Dilbərin doğma əmisi, İdris Axundzadə ədəbiyyat müəllimidir və onun yaxın dostları Hüseyn Cavid və Əhməd Cavaddır. Bir dəfə o Gəncəyə qardaşıgilə gəlir və qardaşı qızı üçün ata evində ögey anası ilə çox çətin olduğunu görür. Düşünmədən qız-cığazı özü ilə Bakıya gətirdi. Kim bilir, bu hadisə baş verməsəydi Dilbərlə Müşfiq görüşərdilərmi?…
Budur, əmisinin həyat yoldaşı onu özü ilə buraxılış gecəsinə aparır. Tədbir hələ başlamayıb, qonaqlar foyedə və həmin vaxt gənc, yaraşıqlı, istedadlı və özü haqqında bütün dünyaya bəyan etməyə hazır olan kurs yoldaşı yaxınlaşır.
– Dilbər, tanış ol: Mikayıl Müşfiq.
Dilbər onun haqqında əvvəllər də eşitmişdi, çünki əmisinin yaxın dostu idi və o, tez-tez Mikayıl haqqında söz açardı, amma şəxsən özünü ilk dəfə görürdü. Tale idimi, tam təsadüf idimi – o, Dilbərin arxasında əyləşir. Qalın, uzun hörülmüş hörüklər sanki Kupidon oxları olacaqlar: arxaya atarkən saçlar Mikayıl Müşfiqin üzünə dəyir və şairin ürəyi döyüşsüz təslim olur. Dilbər ilə hər görüşə “hədiyyəsi” ilə gələcək – Dilbərin istəyi belə idi.
– Rica edirəm, razı ol, tez-tez görüşək.
– Bir şərtlə!
– Mən hər şeyi yerinə yetirəcəm, hansı şərtlə?
– Hər görüşümüzə yeni şeirini gətir.
Müşfiq ona ən gözəl misralarını həsr edəcək, onunla şeirlə danışacaq, məktublarda bəndlər göndərəcək, o isə onu incə lirikaya ilhamlandıracaq. Bir dəfə şair ona dedi: “Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub”.
Xatırla, sevgilim, bir axşam çağı,
Yandı gözlərimdə eşqin çırağı.
Saçlarından ilham aldığım zaman,
Sardı gözlərimi incə bir duman,
Nə yüksəyi gördüm, nə də alçağı
Müşfiq onunla görüş axtaracaq, saatlarla onu gözləyəcək, öz hisslərini isə şeirə bürüyəcək. Dilbər isə intizarında olduğu “hə” cavabını verənə qədər ona xeyli əzab verəcək. Amma yenə də bir şərtlə.
Dilbərin anasının bir arzusu var idi: mütləq təhsil almaq, öz ayaqları üzərində durmaq, müstəqil olmaq imkanını əldə etmək. O özü həyatda xoşbəxt olmadı, buna görə də qızını qorumaq istəyirdi. Anasının arzusuna görə Dilbər xanım toyu gecikdirirdi. Səbəb ilə şairin özü də razı idi. Müşfiq öz yaradıcılığında qadın obrazına tez-tez müraciət edirdi.
Uzun çəkən nişanlıq müddəti misralara süzülürdü, onları həm ayrılıq, həm üzüntü, həm də çoxdan həsrətində olduqları görüşlər gözləyirdi. Lakin məhəbbət nəinki zəifləmədi, əksinə, hər ötən günlə daha da möhkəmlənirdi. Onların nişanlanması da, toyları kimi, əsrin hadisəsinə çevrildi. Təəssüf ki, fotoşəkillər qalmayıb, amma qonaqların siyahısına baxmaq kifayət edir ki, onun möhtəşəmliyini tam dərk edəsən: Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları! Bu adi toy deyildi – bu, əsl gözəllik, məhəbbət, musiqi və əlbəttə ki, poeziya bayramı idi.
Onların evi həmişə qonaqlarla dolu olardı: gah dahi şairlər, gah da ki, Müşfiqin yedirtmək və geyindirmək üçün tez-tez evə gətirdiyi, sonradan isə uşaq evinə yerləşdirdiyi baxımsız uşaqlar. Dilbər xanım Tibb Universitetini oxuyacaq, aktivist və hətta Bakı Sovetinin deputatı olacaq.
Bir ildən sonra iki sevən ürəyə daha bir böyük sevinc şəfəq salacaq – dünyaya oğulları Yalçın göz açacaq. Amma onları böyük üzüntü gözləyir: o, heç bir il yaşamayacaq…
“Birgə həyatımızın ilk günündən söz üzərində işləməyin və şair həyatının nə olduğunu anladım. Yalnız indi Müşfiqin daxilində hər misraya görə nə qədər iztirab, hər sözün üzərində nə qədər əziyyət çəkib, şeirin səlisliyi və ahəngliyinə necə nail olduğunu başa düşdüm. O deyirdi ki,
“həyatımın ən bədbəxt anları şeirsiz keçən anlardır.”
—
Bir çox ailələr başlarının üzərini alan dəhşəti əvvəlcədən görürdülər, heç olmasa həyat yoldaşları və uşaqlarını qorumaq üçün boşanmağa üz tuturdular. Bir birindən imtina etmə halları da olurdu. Amma Dilbər xanım belə variantları nəzərdən keçirmirdi. Əvvəlcə Müşfiqi apardılar, sonra isə onun ardınca gəldilər. Ard-arda dindirmələr, işgəncələr… Dilbər xanım ondan imtina etmədi, sona qədər onun adını müdafiə etdi. Həbsxanada onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsdilər. Ən çox elə Dilbər xanıma zülm edirdilər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox”…
“Ah, Müşfiq, bu günləri geri qaytarmaq mümkün olsaydı…”
İşgəncələr onun səhhətinə ciddi təsir göstərdi… Həkimin dediyinə görə, Dilbər xanım bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet… Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi… Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər. Axı bütün bunlar onun zəif çiyinlərinə yüklənəndə o hələ gənc qız idi. Nə həyat yoldaşı var, nə uşaqlar – səhərlər oyanmağın mənası yox idi…
“Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin… Atamı çağırın… Atama deyin ki, məni buradan aparsın… Sevdiyim üçün ölərəm… Burada hamı hesab edir ki, mən dəli olmuşam… Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et…” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü. Onun vəziyyəti bizi qoruduğumuz azacıq şücaətdən də məhrum etdi. Axı bu bizim Müşviqin həyat yoldaşıdır, axı bu bizim Dilbərdir”.
Dilbərlə eyni kamerada dustaq həyatı yaşayan qadının gündəliyindən
27 fevral 1938 il
Onun həbsdən və xəstəxanadan çıxdıqdan sonrakı həyatında o artıq hamı üçün “xalq düşməninin arvadı” idi, bu isə ancaq bir şey demək idi – bədbəxtlik davam edir. Bir çoxları ondan üz döndərdi. Çox çətin idi. İşə qəbul etmirdilər, üz çevirirdilər. Amma yenə də yaxşı adamlar da var idi…
Dilbər xanım yenidən ailə həyatı qurur. Reabilitasiya aldıqdan sonra, uşaqları ilə Bakıya köçür, bir müddət Müşfiqin qohumlarının evində yaşayır.
Dilbər xanım Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü… Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki!
Bu qədər sarsıntıdan sonra Müşfiqin lirikasını bərpa etmək üçün özündə güc və ilhamı necə tapa bildi? Cəhənnəmin bütün mərtəbələrini keçən, hətta özünü belə tanımayan qadın hətta memuarlar yazacaq… O qadın ki, Müşfiq üçün biz ona sonsuz qədər borcluyuq!
Müşfiqi aparanda masanın üzərində “Dibərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplayırdı – hamısını apardılar, Dilbər xanıma heç nə qaytarmadılar. Lakin o nəinki Müşfiqin əsərlərinin bir qismini bərpa etdi, həm də özü yazmağa başladı. Möcüzə, sadəcə möcüzədir! Hərçənd, heç vaxt özünü şair adlandırmayıb.
Günəşli gündüzüm, ən şirin sözüm,
Əbədi hicrinə mən necə dözüm?
Bağçanda bitibdir nərgiz, bənövşə,
Sənsiz o gülləri mən necə üzüm?
Dilbər Axundzadə “Sənsiz” şeirindən
Bir çox qadınlar deyirdilər ki, Müşfiq onlara şeirlər həsr edib. Dilbər xanım bir dəfə zarafat etdi ki, Müşfiq sadəcə rastlaşdığı qıza deyil, hətta yuxuda gördüyü qıza da şeir həsr edə bilərdi.
O, çox istedadlı idi, yaxşı oxuyurdu, yaxşı həkim, pedaqoq ola bilərdi, çox şey bacarardı. Amma həmin faciədən sonra o artıq əlil idi, yəni onun imkanları məhdud idi. Öz uşaqlarına da həmişə nəsihət edərdi: peşə sahibi olun. Sovet İttifaqına minnətdar olduğu yeganə şey qadınların təhsil almaq və işləmək hüququna malik olması idi. Uşaqlarını böyütmək onun üçün çox çətin idi. Dünyadan köçməzdən öncə belə dedi:
“Əvvəllər çox düşünürdüm: mən nə üçün bunu etdim (ailə qurdum)? Amma nə yaxşı ki, siz varsınız!”.
O bütün həyatını beləcə qorxu içində yaşadı. Keçmişin dəhşətli kölgələrindən xilas olmağa çalışaraq, daha həyat yoldaşının irsini az bərpa edərək və çətin şərtlərdə uşaqları böyüdərək. Ailəsinin ilk körpəsinin adı Dilbər xanımın şərəfinə qoyulub. Dilbər xanım nəvələrini gördü, az da olsa, amma gördü…
Bu hekayə dahi Mikayıl Müşfiqin yeganə sevgisi olan Dilbər xanımın qızı Leyla xanım Axundzadənin sözlərindən yazılmışdır.