Beynəlxalq elm sahəsində üç Talıbxan bacıları
1900-cü illər, Şuşa, Azərbaycan. Qarabağ xanlığına mənsub, Çar Rusiyası və ADR dövründə polis pristavı Talıbxan bəy Talıbxanovun və Xеyrannisə xanımın ailəsində üç qız Sürəyya, Qəmər və Dilşad, daha sonra bacıların Hüseyn adlı qardaşları da dünyaya gələcək.
Sovet hakimiyyətinin gəlməsi ilə bu ailənin Azərbaycanda qalması təhlükəli olmağa başlayır. Qəhrəmanımızın doğma dayısı, Məhəmməd Əmin Rəsulzadənin və Yusif Vəzir Çəmənzəminlinin yaxın dostu, hər kəsin “dayı” deyə müraciət etdiyi Hüseyn Yanar Mirzəcamalоv onlara Türkiyəyə getməyə yardım edir. Müəllim, şair, tərcüməçi və ictimai xadim olan Hüseyn bəy özü Azərbaycan mühacirətinin ilk və görkəmli nümayəndələrindən biri kimi iz buraxacaqdır. Onun nə ailəsi, nə də uşağı olmayıb, buna görə bütün sevgisini və qayğısını bacısı Xеyrannisə xanımın uşaqlarına göstərib.
Onun səyləri boşa çıxmadı, çünki bacısının üç uşağı da öz dövrlərinin elm və mədəniyyətinə töhfələrini verə biliblər. Bütün uşaqlar türk, rus, ingilis və Qəmər Dilşadla almanca səlis danışırdılar.
Bacılardan ən böyüyü Sürəyya (1899-1974) görkəmli filoloq, folklorçu olacaq, elmi əsərlərini və məqalələrini Azərbaycan dilinə həsr edəcək. Sürəyya Talıxanbəyli İstanbul Universitetinin Dil və Ədəbiyyat fakültəsini bitirir. Hökumətin sonuncu kabinetində Daxili işlər naziri vəzifəsini daşıyan siyasi immiqrant Mustafa Vəkilli ilə ailə qurur. (Bu barədə məşhur pedaqoq və ictimai xadim, 1937-ci ildə Bakıda “Müsavat” partiyasının üzvü kimi həbs olunan və ölüm cəzası verilən Mədinə Qiyasbəyli-Vəkilovanın istintaq araşdırmasında qeyd edilir. Mədinə Vəkillinin əmisi qızı idi.)
Daha sonra Sürəyya həyat yoldaşından ayrılır. Universiteti bitirdikdən sonra o özünü elmdə sınamaq istəyir və Azərbaycan dili və Anadolu türkcəsinin dialekt nöqteyi-nəzərindən müqayisəli öyrənilməsi mövzusunda bir neçə araşdırmalar edir. Həmyerlisi, gələcəyin böyük türkşünası, həmin vaxtlarda universitetdə dosent işləyən Əhməd Cəfəroğlu tərəfindən aldığı dəstək onun türkşünaslığa olan marağında böyük rol oynayır. O, 1930-cu illərdə Əhməd bəyin naşiri və redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” jurnalı ilə fəal şəkildə əməkdaşlıq edirdi. Jurnalın dörd buraxılışında o “Qarabağ və İstanbul dialektlərinin istifadə baxımından müqayisəsi” mövzusunda məqalələr seriyasını nəşr etdirmişdi. Qohumlarının və tanışlarının ifadələrinə görə Mustafa Vəkilli ilə boşandıqdan sonra Sürəyya xanım Bekir Odoğlu adlı anadolu türkünə ərə gedir və onların Berin, Murad, Can və Tarık adlı uşaqları dünyaya gəlir. Uzun illər o, İstanbul liseylərində ədəbiyyatdan dərs deyir və ömrünün sonunadək burada yaşayır.
Dilşad Talıbxan Elbrus (1915-1979) – nüvə fizikası sahəsində Azərbaycanın ilk qadın-alimi.
Əvvəlcə o, İstanbul qızlar liseyini bitirir, 1934-cü ildə isə universitetin fizika və kimya ixtisasından məzun olur. Elmi karyerasına universitetin tərkibindəki Eksperimental fizika institutunda assistent olaraq başlayır. 1961-ci ildə isə İzmirdə Egey Universitetində professor olur. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın-tədqiqatçı idi. O, iki kitabın və bir neçə elmi məqalənin müəllifidir. Dilşad respublika ideallarına xüsusi sevgisi ilə seçilirdi. Xüsusilə də, tələbəlik illərində M.Ə. Rəsulzadənin rəhbərliyi altında siyasi mühacirlər tərəfindən keçirilən müxtəlif ictimai və ədəbi-mədəni tədbirlərdə fəal iştirak edirdi.
Bu da həmin dövrün mühacirət mətbuatında öz əksini tapmışdı.
Çox vaxt elə olur ki, xanım təkcə elmdə deyil, incəsənətdə də uğur qazanır. Bizim qəhrəmanımız milli motivləri fortepianoda ustalıqla ifa edirdi. Bundan başqa, o, digər bacısı Sürəyya xanımın oğlunu böyütmüşdü. Dilşad xanım uzun sürən xəstəlikdən sonra gözlərini əbədiyyən yumanda Türkiyə bir fiziki torpağa tapşırırdı, biz isə onun varlığından xəbərdar belə deyildik…
Qəmər Bakının məktəblərindən birində təhsil alır. Təəssüf ki, onun uşaqlıq dövrü barədə dəqiq məlumat yoxdur. ADR dağıldığında o cəmi 18 yaşında idi. Çox güman ki, məhz Bakıda, Mehmet Ağa-Oğlu kimi tarixə düşən, az tanınmış Məhəmməd Ağayevlə tanış olur. Mühacirət etdikdən bir müddət sonra gənc cütlük ailə həyatı qururlar.
1922-ci ildə yeni evlilər Almaniyaya, daha sonra isə Avstriyaya köçürlər. Onlar ikisi də Avropanın aparıcı universitetlərində təhsil alırlar, bir ildən sonra elə burada onların yeganə övladları Gültəkin dünyaya gəlir.
1927-ci ildə Qəmər xanım İstanbul Universitetində Şərq tarixi sahəsində doktorluq dərəcəsi alır. O, həyatını incəsənətə həsr edir, 2 il sonra isə həyat yoldaşını Detroyt Gözəl Sənətlər İnstitutuna dəvət etdiklərində Qəmər xanım yoldaşı və qızı ilə birlikdə okeanın o biri tayına gedir. Bu dəfə həmişəlik.
Amerikada gənc ailənin işləri hələ ki yaxşı gedir. 1933-cü ildə Şərq sənəti sahəsində elmi işçi və müəllim olan Mehmet Ağa-Oğlu Amerikada İslam sənət tarixinin ilk kafedrasını yaradır.
Onların evi amerika standartlarına görə çox sadə idi, ancaq evin qapıları həmişə qonaqlara açıq olurdu. Çox vaxt Azərbaycanlı və Türk gənclər onların evində toplaşırdı, musiqi səslənirdi, bəzən canlı ifalar olurdu, keçmişə dair söhbətlər aparılırdı. Amma tamamilə ev işləri ilə məşğul olmaq və yorulmadan qonaqları qarşılamaq qəhrəmanımızın əsas məqsədi deyildi.
1937-ci ildən 1938-ci ilə qədər Qəmər xanım Miçiqan universitetində aspirantura kursuna gedir. Bundan dərhal sonra onu Antropologiya Muzeyində elmi araşdırma aparmağa dəvət edirlər.
Daha sonra isə İkinci Dünya Müharibəsi gündəlik həyat tərzinə öz damğasını vurur. Müharibə illərində o, Amerika Ordusu zabitlərinin dil hazırlığı ilə məşğul olur: iki il boyunca onlara rus dili dərsi verir. Müharibədən sonra muzeyə qayıdır, karyerası boyunca (1974-cü ilə qədər) o, yeganə qadın kurator olaraq qalır. Muzeyin rəsmi saytında qeyd olunub ki, “Qəmər xanım Asiya keramika tədqiq sahəsini təkbaşına yenidən yaradıb”. Bundan əlavə, onun üçün doğma olan alma-materdə professor dərəcəsinə çataraq dərs deyir.
Qəmər xanım Cənub-Şərqi Asiya keramikası üzrə aparıcı mütəxəssis və ekspert olub. Qazıntıların nəticələri ilk olaraq ona təqdim edilirdi. O, 40-dan çox nəşrin və bu günədək internet məkanında mövcud olan bir neçə kitabın müəllifidir. Qəmər xanım maddi-mədəni irsin öyrənilməsinə öz töhfəsini verərək dünya muzeylərini ziyarət edib.
Təəssüf ki, elm sahəsində uğur qazansalar da alimlərin şəxsi həyatı zərər görür və nəticədə dağılır. Mehmet Ağa-Oğlu nun ikinci həyat yoldaşı toplanmış bütün materialları Freer Gallery of Art sənət qalereyasının arxivinə təqdim edir. 1959-cu ildə Qəmər xanım keçmiş həyat yoldaşının bütün əlyazmalarını və bitməmiş işlərini həmin qalereyaya təqdim edərək kolleksiyanı tamamlayacaqdır. Hər kəsin Gilli kimi tanıdığı yeganə övladları Gültəkin də valideynlərinin yolu ilə gedəcək və həyatını incəsənətə həsr edəcək. Anasının vəfatından sonra Qəmər xanıma məxsus bütün dəyərli materialları və kitabları Antropologiya Muzeyinə hədiyyə edəcək. Təəssüf ki, Gültəkin xanım keçən il, 2018-ci ilin avqust ayında Ohayo şəhərində vəfat edib.